Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
ZERTULIN dərman forması
Beynəlxalq patentləşdirilməmiş adı: Levorotatory cysteine
Tərkibi
Təsiredici maddə: sola fırlanan sistеin 500 mq.
Köməkçi maddələr: düyü nişastası, laktoza, polietilen qlikol 6000, karboksimetilamin natrium duzu, maqnezium stearat.
Təsviri
Dəyirmi, ağ rəngli, üzərində məhsulun adı yazılan tabletlər.
Farmakoterapevtik qrupu
Dermatoloji müalicə üçün amin turşu.
ATC kodu: D11AX
Farmakoloji xüsusiyyətləri
Kükürd tərkibli alifatik amin turşusudur. İki izomer – sola (L) və sağa (D) fırlanan izomeri şəklində mövcuddur. Sistein amin turşusu bədəndə zülal əmələ gəlməsi prosesində, yəni dəri toxumalarının qurulmasında iştirak edir. Dezintoksikasiya proseslərində iştirak edir.
Sistein dərinin quruluşunu və elastikliyini yaxşılaşdıran kollagen sintezini təmin edir. Zülalların, dırnaqların və saçın tərkibinə də daxildir, bəzi qida fermentlərinin tərkibində də vardır. Sistein amin turşusu orqanizmdə kükürd və serin mənbəyi kimi metioninin, həmçinin piridoksin və ATF-in iştirakı ilə əmələ gələ bilər. Sistein çox güclü antioksidantdır, onun təsiri selen və C vitamininin eyni vaxtda istifadəsi ilə gücləndirilir. Sistein amin turşusu istifadə olunan beyin və qaraciyər hüceyrələrinə qoruyucu təsir göstərən bir maddə olan qlütationun sələfidir. Alkoqolun, həmçinin radiasiyanın baş beyinə və qaraciyərə zədələyici təsiri zamanı toksiki maddələrin dezintoksikasiyasında iştirak edir.
İstifadəsinə göstərişlər
ZERTULIN sızanaqların, atrofik dermatitlərin və psoriazın müalicəsində istifadə olunur.
Əks göstərişlər
– sola fırlanan sistein və ya bu dərmanın hər hansı digər komponentlərinə qarşı allergiya.
– böyrək daşları ilə sistinuriyadan əziyyət çəkirsinizsə (sidik yollarında daşların əmələ gəlməsi ilə xarakterizə olunan irsi xəstəlik).
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Terapevtik dozalarda istifadə üçün xüsusi ehtiyat tədbirləri yoxdur.
ZERTULİN-in tərkibində laktoza var. Əgər həkiminiz sizə bəzi şəkərlərə qarşı dözümsüzlüyünüz olduğunu bildiribsə, bu dərmanı qəbul etməzdən əvvəl həkiminizlə əlaqə saxlayın.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Əgər hər hansı digər dərman qəbul edirsinizsə, bu yaxınlarda qəbul etmisinizsə və ya qəbul edə bilərsinizsə, həkiminizə və ya əczaçınıza bildirin.
Digər dərmanlarla qarşılıqlı təsiri məlum deyil.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Əgər hamiləsinizsə və ya əmizdirirsinizsə, hamilə olduğunuzu düşünürsünüzsə və ya uşaq sahibi olmağı planlaşdırırsınızsa, bu dərmanı qəbul etməzdən əvvəl həkiminizə və ya əczaçıya müraciət edin. Hamiləlik dövründə istifadəsi həkimin göstərişi ilə həyata keçirilir.
ZERTULİN-in tərkibindəki sistein teratogen təsir göstərmir.
Nəqliyyat vasitəsini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Nəqliyyat vasitələrini və mexanizmləri idarə etmək qabiliyyətinə təsir göstərmir.
İstifadə qaydası və dozası
Tövsiyə olunan doza 2 və ya 3 aylıq dövr üçün gündə 2-4 tabletdir. ZERTULIN tabletləri bütövlükdə və ya sındırılmış halda, yemək zamanı daxilə qəbul edilir.
Əlavə təsirləri
Göstərilən dozalarda heç bir arzuolunmaz təsir aşkar edilməmişdir.
Əgər sizdə hər hansı əlavə təsir yaranarsa, həkiminiz, əczaçınız və ya tibb bacınızla danışın.
Doza həddinin aşılması
Doza həddinin aşılması simptomları heç vaxt bildirilməmişdir.
Buraxılış forması
Per oral istifadə üçün tabletlər. 3 ədəd blister, hər blisterində 10 ədəd tablet olmaqla qutularda buraxılır.
Saxlanma şəraiti
25ºС temperaturdan yüksək olmayan, işıqdan qorumaqla və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
İstehsalçı
“IDI FARMACEUTICI SRL” – Via dei Castelli Romani, 83/85, POMEZIA (İtaliya).
Əmtəə nişanının və qeydiyyat vəsiqəsinin sahibi:
“ORNADO MEDICINE” LLP, Office 11, 43 Bedford Street, London, WC2E 9HA, Great Britain.